II AZƏRBAYCAN ELM FESTİVALI.

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən və respublikanın elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 5-də Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində bir sıra tədbirlərdən sonra işinə yekun vurub.

Sonra festivalda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elmi tədqiqatlarla təhsilin inteqrasiyasını təmin etmək, eləcə də aparılan elmi araşdırmaların təcrübəyə tətbiqinə nail olmaqdır.

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib.

Çıxışında XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsini təhlil edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli şairin əsərlərində elmin təbliğinə geniş yer verdiyini vurğulayıb.

Akademiyanın Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə Gəncədə müxtəlif elm və təhsil mərkəzlərində fəaliyyət göstərən gənc alimləri əməkdaşlığa dəvət edib.

MEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. Ümumrusiya Elm Festivalının direktoru Leonid Qusev müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanmasının, onların düzgün istiqamətləndirilməsi və dəstəklənməsinin vacib olduğunu qeyd edib. O, alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində elmi-populyar mühazirələr dinlənilib, həmçinin muzeylərə, elmi laboratoriyalara və emalatxanalara ekskursiyalar təşkil olunub.

Festivalda Pedaqoji fakültənin gənc müəllimləri- Kazımova Günay, Nəbiyev Niyazi, Xəlilov Urfan iştirak etmişdir.