Gəncə Dövlət Universitetinin II tədris binasının akt zalında Pedaqoji fakültə Tələbə Gənclər Təşkilatının (TGT) yeni idarə heyətinin formalaşdırılması və sədr seçkisi ilə bağlı iclas keçirilib.
İclasa Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva sədrlik edib. Görüşdə Pedaqoji fakültənin tədris məsələləri üzrə dekan müavini İlqar Haqverdiyev, Universitet Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov və Pedaqoji fakültə TGT-nin sədri Telman Süleymanov iştirak ediblər.
İclas zamanı tələbələrin universitetin ictimai həyatında fəallığının artırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və təşkilatın fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Fakültənin II və III kurs tələbələrinin irəli sürdükləri təkliflər əsasında 21 nəfərdən ibarət yeni idarə heyəti formalaşdırılıb. Daha sonra keçirilən gizli səsvermənin nəticələrinə əsasən, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kurs tələbəsi İsa Yusibov Pedaqoji fakültə Tələbə Gənclər Təşkilatının sədri seçilib.
Sonda dekan müavini İlqar Haqverdiyev yeni seçilmiş sədri və idarə heyətinin üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, tələbələrin ictimai fəallığının artırılmasının, onların təşəbbüskarlığının dəstəklənməsinin və universitet həyatında yaxından iştirakının əhəmiyyətini vurğulayıb.
Yeni seçilmiş idarə heyətinə fəaliyyətlərində uğurlar arzulayırıq!





