25 noyabr 2026-cı il tarixində Pedaqoji fakültədə 2026/2027-ci tədris ilində pedaqoji və istehsalat təcrübələrində iştirak edəcək buraxılış kurs tələbələri üçün təlimati konfrans keçirilib.
Konfransda Universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Pedaqoji fakültənin dekanı, dosent Zaur Hüseynzadə, kafedra müdirləri – professor Sevda Qurbanəliyeva, dosent Zümrüd Cavadova, dosent Allahverdi Quliyev, eləcə də təcrübədə iştirak edəcək tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev buraxılış kurs tələbələrini təcrübə mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 489 nömrəli qərarının tələblərinə uyğun olaraq pedaqoji və istehsalat təcrübələrinin məqsəd və vəzifələri, növləri, təşkili və keçirilmə qaydaları barədə ətraflı məlumat verib. Eyni zamanda, təcrübə müddətində tələbələrin üzərinə düşən öhdəliklər, riayət etməli olduqları qaydalar və təcrübə proqramının icrası ilə bağlı mühüm məqamları diqqətə çatdırıb.
Daha sonra Pedaqoji fakültənin dekanı, dosent Zaur Hüseynzadə, Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova və Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi Quliyev çıxış ediblər. Çıxışlarda pedaqoji və istehsalat təcrübələrinin tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi, peşə bacarıqlarının formalaşması və gələcək əmək fəaliyyətinə hazırlanmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Tələbələrə təcrübə proqramına uyğun olaraq verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək, təhkim olunduqları müəssisələrdə daxili intizam və etik davranış qaydalarına riayət etmək tövsiyə olunub.
Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, təcrübənin təşkili və keçirilməsi ilə bağlı onları maraqlandıran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür təlimati konfransların keçirilməsində əsas məqsəd tələbələri qarşıdakı təcrübə mərhələsinə hazırlamaq, onların vəzifə və öhdəlikləri barədə məlumatlandırmaq, nəzəri biliklərinin praktik fəaliyyətlə əlaqələndirilməsinə dəstək göstərməkdir.


