21 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təhsilin pedaqogikası və metodikası kafedrasında “Kurikulum islahatları kontekstində fənlərin tədrisi metodikasının təşkili” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Seminarın əsas məqsədi kurikulum islahatlarının müasir təhsil sistemində yaratdığı yeniliklərin müzakirəsi, fənlərin tədrisi prosesində müasir pedaqoji yanaşmaların tətbiqinin əhəmiyyətinin vurğulanması və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi-pedaqoji fikir mübadiləsinin aparılması olub.
Seminar zamanı kurikulum islahatlarının tədris prosesinə təsiri, müasir təlim metodlarının tətbiqi, öyrənən mərkəzli yanaşmanın mahiyyəti və təlim nəticələrinin səmərəli şəkildə reallaşdırılması məsələləri ətraflı müzakirə edilib. Qeyd olunub ki, müasir təhsil sistemində əsas məqsəd yalnız tələbələrə biliklərin ötürülməsi deyil, eyni zamanda onların əldə etdikləri bilik və bacarıqları praktik fəaliyyətdə tətbiq etmək, müstəqil qərarlar qəbul etmək və qarşıya çıxan problemləri həll etmək imkanlarının inkişaf etdirilməsidir.
Müzakirələr zamanı fənlərin tədrisində innovativ metodların və interaktiv təlim üsullarının tətbiqinin vacibliyi xüsusi diqqətə çatdırılıb. Bildirilib ki, tədris prosesinin səmərəli təşkili tələbələrin dərslərdə fəal iştirakını, onların fərdi xüsusiyyətlərinin nəzərə alınmasını və yaradıcı potensiallarının üzə çıxarılmasını tələb edir. Bu baxımdan müəllimin yalnız bilik ötürən deyil, həm də istiqamətləndirici və dəstəkləyici rolunda çıxış edən fasilitator kimi fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Seminarda, həmçinin tələbələrdə müstəqil, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi, təlim nəticələrinin qiymətləndirilməsi və tədris prosesində səmərəli əks-əlaqənin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə müasir pedaqoji təcrübənin öyrənilməsi və tədris prosesinə tətbiqinin əhəmiyyəti vurğulanıb.
Sonda qeyd olunub ki, kurikulum islahatlarının tələblərinə uyğun olaraq fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi təhsilin keyfiyyətinin artırılmasının əsas şərtlərindəndir.
Elmi-nəzəri seminar müasir təlim yanaşmalarının təşviqi, elmi-pedaqoji təcrübənin paylaşılması və tədris prosesinin daha səmərəli təşkili baxımından əhəmiyyətli olub.





