“Təfəkkürün növləri və fərdi psixoloji xüsusiyyətləri” mövzusunda açıq dərs

20 oktyabr 2026-cı il tarixində Pedaqoji fakültənin Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilova Psixologiya ixtisasının III kurs tələbələri ilə “Ümumi psixologiya-5” fənnindən “Təfəkkürün növləri və fərdi psixoloji xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirilib.
Dərs zamanı təfəkkür anlayışı, onun əsas növləri və fərdi psixoloji xüsusiyyətləri ətrafında geniş müzakirələr aparılıb. Təfəkkürün xarakterinə, idraki əhəmiyyətinə, ümumiləşdirmə imkanlarına və yeniliyinə görə növləri izah olunub, onların insanın müxtəlif həyat situasiyalarına yanaşmasında və problemlərin həllində rolu diqqətə çatdırılıb.
Həmçinin təfəkkürün fərdi xüsusiyyətləri olan ağlın çevikliyi, dərinliyi, itiliyi, müstəqilliyi və tənqidiliyi haqqında ətraflı məlumat verilib. Bu xüsusiyyətlərin insanın əqli fəaliyyətinin keyfiyyətinə, qərarvermə bacarığına və fərdi inkişafına təsiri vurğulanıb.
Mövzunun mənimsənilməsini təmin etmək məqsədilə tələbələrlə fikir mübadiləsi aparılıb, onların müzakirələrdə fəal iştirakı üçün şərait yaradılıb. Dərs təfəkkürün insanın şəxsi, elmi və peşəkar inkişafında əhəmiyyətinin daha dərindən dərk edilməsinə xidmət edib.
Açıq dərsdə Pedaqoji fakültənin dekanı dos.Zaur Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova, baş müəllim Leyla Həsənova və kafedranın əməkdaşları Suqra İsmayılova , Könül Abbasova iştirak ediblər.