1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir. Bu faciə nəticəsində rəsmi mənbələrə görə 12 minə yaxın soydaşımız amansızcasına qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Hadisələrin şahidlərinin yazdıqları həmin günlərin dəhşətini açıq şəkildə göstərir. Mülki əhali xüsusi qəddarlıqla öldürülmüş, qadınlara, uşaqlara və yaşlılara belə aman verilməmişdir.
1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarında qeyd olunur ki:
Şamaxıda 8 minə yaxın dinc sakin qətlə yetirilmiş, şəhər və tarixi abidələr, o cümlədən Cümə məscidi dağıdılmışdır.
Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının isə 17 kəndi tamamilə məhv edilmişdir.
Gümrü yaxınlığında 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə qırılmışdır.
Zəngəzur qəzasında 115 kənd dağıdılmış, minlərlə insan öldürülmüş və on minlərlə insan qaçqın düşmüşdür.
İrəvan quberniyasında yüzlərlə kənd yerlə-yeksan edilmiş, 135 min azərbaycanlı qətlə yetirilmişdir.
Bu hadisələr xalqımıza qarşı törədilmiş ən qanlı faciələrdən biri kimi tarixə düşmüşdür.
Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixli Sərəncama əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Bu gün biz həmin faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
