Pedaqoji, Fizika və Texniki fənlər fakültələrinin gənc və fəal tələbələrinin iştirakı ilə Novruz bayramı münasibətilə bayram şənliyi keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın qədim və zəngin adət-ənənələrinin yaşadılması, milli-mənəvi dəyərlərimizin təbliği və tələbələr arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi olmuşdur. Novruz bayramı xalqımızın əsrlər boyu qoruyub saxladığı ən əziz bayramlardan biri kimi baharın gəlişini, yeniliyi, sülhü və bərəkəti təcəssüm etdirir.
Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Pedaqoji fakültənin dekanı, dosent Zaur Hüseynzadə və Fizika və Texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev çıxış edərək Novruz bayramının xalqımız üçün daşıdığı mənəvi əhəmiyyətdən bəhs etmiş, tələbələri bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik etmiş və onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbir çərçivəsində qədim adət-ənənələrimizi əks etdirən bayram atributları – səməni, milli şirniyyatlar və digər Novruz rəmzləri nümayiş olunmuş, bayram ab-havası yaradılmışdır. Eyni zamanda CreArt rəsm klubunun təşkil etdiyi rəsm sərgisi də təqdim edilmişdir. Sərgidə tələbələrin bir-birindən maraqlı və zövqlü əl işləri nümayiş etdirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir. Proqram çərçivəsində tələbələrin ifasında milli rəqslər, musiqi nömrələri və səhnəciklər təqdim olunmuş, Novruzun sevincini və xalqımızın zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Bayram şənliyi iştirakçılara xoş ovqat bəxş etmiş və Novruzun birlik, sevgi və həmrəylik ruhunu bir daha nümayiş etdirmişdir.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!




