Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin “Pedaqoji” fakültəsinin tabeçiliyində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında 22 oktyabr 2025-ci il tarixində növbəti elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, hər ay kafedrada elmi seminarların keçirilməsi elmin populyarlaşdırılmasına, elmi nəticələrin pedaqoji təcrübədə tətbiqinə xidmət edən tədbirlərdəndir. Seminarın gündəliyinə uyğun olaraq kafedranın baş müəllimi Gültəkin Məhərrəmovanın “Məktəblilərin musiqi tərbiyəsi və musiqi inkişafında sinifdənxaric işlərin yeri və əhəmiyyəti” mövzusunda çıxışı, “Musiqi müəllimliyi” ixtisası üzrə Universitet tələbələrinin pedaqoji təcrübə keçdikləri Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbdə təşkil etdikləri sinifdənxaric tədbirləri əks etdirən videoçarxların nümayişi, məktəbin 3-cü sinif şagirdi Fidan Verdiyevanın iştirakı ilə uşaq mahnılarının səhnələşdirilməsi seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.Mövzu ətrafında aparılan müzakirələrdə “Musiqi fənləri” kafedrasının akademik heyəti və pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri fəal iştirak etmiş, seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.



