BP-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində fevralın 15-də Bakı şəhəri və regionlarda orta ümumtəhsil müəssisələrinin müəllimləri üçün təlimlərə start verilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında həyata keçirilən təlimlər fərqli əlillik formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarının qarşılanması üçün türkiyəli ekspert, Yenilikçi Öğrenme Merkezinin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmış modula əsaslanır. Bir ay ərzində Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərləri, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz və Qəbələ rayonlarında təşkil olunacaq təlimlərin məqsədi orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına, müəllimlərin bu sahədə bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.Gəncə üzrə təlimləri GDU nun Ümumi pedaqogika kafedrasının baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Nizami qızı Hacımuradova tədris etmşdir. Təlimdə Gəncə şəhərində fəaliyyət göstərən inklüziv siniflərin müəllimləri iştirak etmiş, sonda test imtahanı verərək sertifikat əldə etmişlər. Məlumat olaraq bildirək ki, 39, 8 və 10 nömrəli məktəblərdə inklüziv siniflər fəaliyyət göstərir.