Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı keçirildi

     

3-4 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.

     Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova elmi konfransın əhəmiyyətinə toxunaraq, bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın məşhur Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb.

       Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Bak Dövlət Universitetinin rektoru Elçin Babayev və digər çıxışçılar konfransın əhəmiyyətindən söz açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildiriblər.

Konfransda GDU-nun Psixologiya kafedrasının baş müəllimi Cabbarova Telli Rəhim qızı “Şəxsiyyətin özünüdərk prosesində emosional intellektin yeri və rolu” mövzusunda elmi məqalə ilə məruzə etdi. Emosional intellektin təlim prosesində şagirdlərin, kollektivdə isə şəxsiyyətin uğurlu fəaliyyətinə səbəb olmasının müsbət tərəflərini nəzəriyyədə və praktikada həyata keçirilməsi usul və metodlarını  göstərdi. Məruzə yüksək qiymətləndirildi və elmi məqalə “Konfrans materialları” jurnalına çapa təqdim edildi.