22 may 2019-cu il tarixdə Gəncə Dövlət Universitetində təntənəli Məzun Günü keçirildi.
Universitetin ikinci tədris korpusunda, şəhərin Bayraq Meydanında keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra kitab sərgisinə və universitet tələbələrinin idmanda qazandıqları uğurları əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri açan universitetin rektoru professor Yusif Yusibov ilk öncə tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında məlumat verib. Rektor bildirib ki, tələbələrimizlə savadlı, pedaqoji təcrübəyə və ustalığa malik 554 nəfər professor-müəllim heyəti məşğul olur. Bu il bu ali təhsil ocağının bakalavr təhsil səviyyəsi üzrə 1386 nəfər, magistr təhsil səviyyəsi üzrə 206 nəfər, əlavə təhsil üzrə 92 nəfər olmaqla, ümumilikdə 1684 nəfər məzunu vardır.
Rektor Yusif Yusibov çıxışında tələbələrin universitetin ictimai-siyasi həyatında olduğu kimi semestr imtahanlarında da daha fəal olduğunu qeyd edərək, məzun olan bütün tələbələrə gələcək həyatlarında və dövlət imtahanlarında uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin dövlətin, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etməsini qeyd edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Vəfa Abbasova Ümummilli Liderin “Dövlət Gənclər Siyasəti haqqında” fərmanını imzalayaraq gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual, mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi,ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakının vacib olduğunu bildirib. Eyni zamanda Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən tələbələr müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə məzunlar adından universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Məzunlar öz fəaliyyətləri ilə onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına söz veriblər.
Tədbirin sonunda bütün fakültələr üzrə təhsildə əldə etdikləri yüksək nəticələrə, universitetin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup tələbəyə rektor professor Yusif Yusibovun əmri ilə “Fəxri fərman”lar verilib. Bir qrup tələbələrin valideynlərinə isə “Təşəkkür” məktubu ünvanlanıb.
“Dj”-lər tərəfindən təqdim olunan musiqilər məzun gününə rəngarənglik bəxş edib. Tədbir məzunların şən rəqsləri ilə yekunlaşıb.