10 oktyabr 2016-cı il tarixdə Gəncədə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin 4 günlük Beynəlxalq Forumu öz işinə başladı. Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu Forum istər seçilmiş mövzusuna, istərsə də iştirakçıların dünyanın müxtəlif ölkələrini əhatə etməsinə görə xüsusi əhəmiyyət daşıyırdı.
Qeyd edək ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası “Gəncə – Avropa Gənclər Paytaxtı 2016”-ya həsr olunmuş “XXI əsrdə Dünya Elminin İnteqrasiya Prosesləri” gənclərin beynəlxalq elmi forumunu keçirmək təklifini irəli sürmüş və bu təklif Rəyasət Heyəti tərəfindən müsbət qarşılanmışdı. Bu cür elmi konfrans-forumlar gənclərin bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, elmin aktual problemlərini müzakirə etmələrinə və həll yollarını araşdırmalarına böyük imkanlar yaradır. Digər tərəfdən gənc alimlərin milli innovasiya sisteminin yaradılmasındakı rolu olduqca önəmlidir. Bu gün Azərbaycan elmi gəncləşməkdə və yeni uğurlara imza atmaqdadır.
Bu forumun keçirilməsində məqsəd isə ilk növbədə, gündən günə qloballaşan dünya elminə inteqrasiya ilə bağlı gənclər üçün yaradılan elmi mühit, həmçinin klassik tarixi, mədəni və multikultural dəyərləri olan Azərbaycanın, o cümlədən Gəncənin təbliginə nail olmaqdır”.
Forumun Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350-yə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab vermiş və qəbul olunmuşdu. Foruma on iki ölkədən 26 gənc alim və mütəxəssis dəvət olunmuşdu. Belə ki, Türkiyə, Makedoniya, Belorusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, İraq və digər ölkələrdən, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən Foruma gənc alim və tədqiqatçılar təşrif buyurmuşdular.
Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kazımova Günay Salman qızı bu mötəbər Beynəlxalq Forumda uğurla çıxış edərək universiteti layiqincə təmsil etmiş, Təşkilat Komitəsi adından Sertifikatlarla təltif olunmuşdur.