18 noyabr 2026-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının təşkilatçılığı ilə “Uşaq hüquqlarının təbliği və müdafiəsi” probleminə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi Quliyev, kafedranın dosenti Şəlalə Binnətova, universitetin əməkdaşları, tələbələr və digər dəvət olunmuş şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dosent Gülsüm Fətəliyeva uşaq hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, uşaqların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin, onların təhsil, müdafiə və inkişaf hüquqlarının təmin edilməsinin dövlət və cəmiyyət qarşısında mühüm vəzifələrdən biri olduğunu qeyd edib.
Daha sonra Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi Quliyev “Uşaq hüquqlarının müdafiəsində kafedra əməkdaşlarının rolu və əhəmiyyəti” mövzusunda çıxış edərək təhsil müəssisələrinin və pedaqoji kollektivlərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən bəhs edib.
Kafedranın dosenti Şəlalə Binnətova “Uşaq hüquqlarının müdafiəsində müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə metodiki tövsiyələr” mövzusunda məruzə ilə çıxış edib. O, müəllimlərin uşaqların hüquqlarının qorunmasında, onların fərdi xüsusiyyətlərinin nəzərə alınmasında və sağlam psixoloji mühitin yaradılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində tələbələr də müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Sona Hüseynova “Uşaq hüquqları haqqında” qanun, inklüziv təhsil və xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqları barədə, Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbəsi Röya Əliyeva uşaqlara qarşı zorakılıq və onun qarşısının alınması yolları haqqında məlumat verib.
İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Gülarə Hüseynova ailədə uşaqların hüquqları və valideyn məsuliyyəti, Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbəsi Günay Məmmədzadə uşaq hüquqlarının müdafiəsində müəllimin rolu, İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Günay Məmmədova isə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi və internetdə hüquqları mövzularında çıxış ediblər.
Məruzələrdə Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu, “Təhsil haqqında” Qanun, Azərbaycan Respublikası Konstitusiyası, eləcə də BMT-nin Uşaq Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlərin əhəmiyyəti diqqətə çatdırılıb. Xüsusilə uşaqların təhsil almaq, sağlam inkişaf etmək, zorakılıqdan qorunmaq, fikirlərini sərbəst ifadə etmək və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları geniş şəkildə müzakirə olunub.
Tədbirin bədii hissəsində tələbələrin təqdimatında uşaqların hüquqlarının qorunması mövzusuna həsr olunmuş səhnəcik nümayiş etdirilib. Səhnəciyin ssenari müəllifi Silduz Hüseynova olub.
Sonda qeyd olunub ki, uşaq hüquqlarının təbliği və müdafiəsi yalnız hüquqi məsələ deyil, həm də hər bir insanın, xüsusilə gələcək müəllimlərin mənəvi və ictimai məsuliyyətidir. Belə maarifləndirici tədbirlərin keçirilməsi tələbələrin hüquqi biliklərinin artırılmasına, onlarda uşaqlara qarşı həssas və məsuliyyətli yanaşmanın formalaşmasına mühüm töhfə verir.









