Ümumi pedaqogika kafedrasının müəllimi Lalə Bayramova tərəfindən Psixologiya ixtisasının II kurs tələbələri ilə “İnklüziv təhsil” fənnindən “Universal öyrənmə dizaynı” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə tədris məsələləri üzrə dekan müavini, baş müəllim İlqar Haqverdiyev, eləcə də Ümumi pedaqogika kafedrasının müəllimləri Pərvanə Əliyeva və Bəsirə Abbasova iştirak ediblər.
Dərs zamanı universal öyrənmə dizaynının mahiyyəti, əsas prinsipləri və inklüziv təhsil prosesində rolu ətraflı izah olunub. Qeyd edilib ki, universal öyrənmə dizaynı hər bir tələbənin fərdi xüsusiyyətlərini, öyrənmə ehtiyaclarını və imkanlarını nəzərə alan çevik təlim yanaşmasıdır. Bu yanaşmanın əsas məqsədi bütün öyrənənlər üçün bərabər təhsil imkanlarının yaradılması və tədris prosesində qarşıya çıxa biləcək maneələrin minimuma endirilməsidir.
Mövzu çərçivəsində tələbələrə informasiyanın müxtəlif formalarda təqdim edilməsi, öyrənənlərin bilik və bacarıqlarını fərqli üsullarla nümayiş etdirməsi, eləcə də təlim prosesində maraq və fəallığın artırılması istiqamətində məlumat verilib. Universal öyrənmə dizaynının üç əsas prinsipi – öyrənmə üçün müxtəlif təqdimetmə vasitələrinin, iştirak və motivasiya yollarının, biliklərin ifadə olunması üsullarının təmin edilməsi diqqətə çatdırılıb.
Dərs interaktiv müzakirələr və tələbələrin fəal iştirakı ilə davam edib. Tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüb, nəzəri biliklərin praktik tətbiqi istiqamətində müzakirələr aparıblar.


