8-Noyabr Zəfər Günü münasibətilə Pedaqoji fakültənin əməkdaşları şəhid tələbələrin xatirəsini yad ediblər

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz iradəsini, ordumuzun gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfərin qazanılmasında şəhidlərimizin və qazilərimizin xidmətləri əvəzsizdir.
Zəfər Gününün təhsil müəssisələrində qeyd olunması da xüsusi əhəmiyyət daşıyır. Çünki təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsi də təhsilin əsas məqsədlərindəndir.
Zəfər Günü xalqımız üçün yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də gələcək nəsillərə ötürülməli olan milli qürur, vətən sevgisi, birlik və qəhrəmanlıq kimi ali mənəvi dəyərlərin təcəssümüdür.
Bu məqsədlə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin əməkdaşları Zəfər Günü ərəfəsində fakültənin şəhid tələbələrinin əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin xatirəsinə həsr olunmuş foto guşəsi önündə çıxışlar edilib, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunub və guşə önünə qərənfillər düzülüb.
Allah Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm cansağlığı və şəfa versin!