Gəncə Dövlət Universitetində “Zəfərimiz Mübarək!” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində 8 Noyabr – Zəfər Günü münasibətilə Pedaqoji fakültə və Fizika və texniki fənlər fakültəsinin birgə təşkilatçılığı ilə “Zəfərimiz Mübarək!” adlı bayram tədbiri keçirilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent G. Fətəliyeva, Pedaqoji fakültənin dekan müavini, baş müəllim İ. Haqverdiyev və Fizika və texniki fənlər fakültəsinin dekanı, professor M. Quliyev çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs olunub. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin və tarixi Zəfərimizin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Tədbirin bədii hissəsi tələbələrin hazırladıqları maraqlı və rəngarəng çıxışlarla davam edib.

Pedaqoji fakültənin MM ixtisasının I kurs tələbəsi A. Zeynalovanın təqdimatında videoçarx nümayiş etdirilib və piano ifası səsləndirilib.

Daha sonra Fizika və texniki fənlər fakültəsinin FM ixtisasının I kurs tələbəsi N. Qasımovanın solistliyi, hər iki fakültənin tələbələrindən ibarət xor kollektivinin iştirakı ilə “İgid əsgər” mahnısı ifa olunub.

Fizika və texniki fənlər və Pedaqoji fakültələrinin tələbələrinin təqdimatında milli rəqs nümayiş etdirilib.

Pedaqoji fakültənin MŞ ixtisasının IV kurs tələbələri H. Həsənli və M. Sərdarov “Sənin eşqin edibdir” və musiqi miksi ilə çıxış ediblər.

Ardınca Fizika və texniki fənlər fakültəsinin TİM ixtisasının I kurs tələbəsi A. Məmmədzadə “Şən Azərbaycan” adlı solo rəqsini təqdim edib.

Bədii hissənin sonunda hər iki fakültənin tələbələrinin iştirakı ilə “Atamın yarım qalan arzusu” adlı təsirli səhnəcik nümayiş olunub. Səhnəcikdə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı, şəhid ailələrinin yaşadığı duyğular və azadlığımızın mənəvi dəyəri əks etdirilib.

Tələbələrin ifasında təqdim olunan musiqi və rəqs nömrələri, eləcə də səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda tarixi Zəfərimizin xalqımızın yaddaşında əbədi yaşayacağı, şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Tədbir yüksək vətənpərvərlik və bayram əhvali-ruhiyyəsi ilə başa çatıb