Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrin elektron təhsil sistemindən səmərəli istifadəsini təmin etmək, onların sistem üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə maarifləndirici təlimlər davam etdirilir.
Növbəti təlim fakültənin EDUMAN sistemi üzrə admini Validə Vəliyeva tərəfindən I kurs Məşqçilik ixtisasında təhsil alan tələbələr üçün keçirilib. Təlimdə atletika, futbol, boks, sərbəst güləş, yunan-Roma güləşi, basketbol və voleybol idman növləri üzrə təhsil alan tələbələr iştirak ediblər.
Təlim zamanı tələbələrə EDUMAN sistemi üzərindən sərbəst işlərin yüklənməsi qaydaları ətraflı izah olunub. Sərbəst iş mövzularının sistemdə tapılması, müvafiq fənlər üzrə tapşırıqların müəyyən edilməsi, hazırlanmış işlərin düzgün formatda və müvafiq bölmələrə yüklənməsi qaydaları praktiki şəkildə nümayiş etdirilib. Eyni zamanda, sistemin funksional imkanlarından istifadə, tapşırıqların vaxtında yerinə yetirilməsi və elektron təhsil platformasında tələb olunan əməliyyatların ardıcıllığı barədə ətraflı məlumat verilib.
Təlimin praktiki hissəsində tələbələr EDUMAN sistemi üzərində müvafiq əməliyyatların yerinə yetirilməsi ilə tanış olub, sərbəst işlərin yüklənməsi prosesini daha yaxından mənimsəyiblər. Onları maraqlandıran suallar cavablandırılıb, sistemdən istifadə zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, bu cür təlimlərin keçirilməsi tələbələrin elektron təhsil sistemindən düzgün və səmərəli istifadə etmələrinə, sərbəst işlərin vaxtında və qaydalara uyğun şəkildə təqdim olunmasına, eləcə də tədris prosesinin rəqəmsal mühitdə daha effektiv təşkilinə xidmət edir.


