Pedaqoji fakültənin I kurs tələbələri üçün EDUMAN sistemi ilə bağlı təlim keçirilib

29 sentyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində I kurs tələbələri üçün EDUMAN sistemindən istifadə qaydalarına dair maarifləndirici təlim təşkil olunub.
Təlimdə fakültənin EDUMAN sistemi üzrə admini Validə Vəliyeva və Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov iştirak edərək tələbələrə sistemin imkanları, istifadə qaydaları və elektron platformada işləmə prinsipləri barədə ətraflı məlumat veriblər.
Təlim zamanı tələbələrə sistemə daxil olmaq, şəxsi kabinetdən istifadə etmək, dərs cədvəlləri və tədrislə bağlı məlumatları izləmək, eləcə də platformanın digər funksiyalarından yararlanmaq barədə izahat verilib. Tələbələrin sualları cavablandırılıb və onlara sistemdən düzgün və səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.
Maarifləndirici təlimdə fakültənin I kurs tələbələrinin hamısı, I kursların tyutoru Röya Həsənova və digər tyutorlar iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd yeni qəbul olunmuş tələbələrin EDUMAN sistemi ilə tanışlığını təmin etmək, onların elektron təhsil platformasından sərbəst istifadə bacarıqlarını formalaşdırmaq və tədris prosesinə uyğunlaşmalarına dəstək olmaqdır.