28 aprel görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 23-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olmuşdu. Atası Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyla Cabbar qızı Abbasova əbədi və əzəli torpağımız olan İrəvan mahalında anadan olmuşlar. Azərbaycanlılara qarşı şüurlu surətdə həyata keçirilən soyqırım siyasəti Əziz Əliyevi 1918-ci ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur edir. Məhz burada Zərifə xanım dünyaya göz açır. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Məqsəd tamamilə aydın idi. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini hökmən bitirməli idi. Bakıda o, universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışır.

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.

Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.

Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq Z.Ə.Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verir. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirir. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.

1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Qeyd etmək lazımdır ki, bir sıra ciddi elmi məsələlərlə yanaşı Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.

Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.

Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi də əyildi, amma sınmadı. Yaşadı…

Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu. Bir-birlərinə qovuşduqları üçün sevindilər. Amma arxada gözü yaşlı milyonlarla insan qaldı…