3 Mart – Dünya Yazıçılar Günü münasibətilə Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə İbtidai sinif müəllimliyi ixtisasının III kurs və Məktəbəqədər təhsil ixtisasının I kurs tələbələri dahi mütəfəkkir Nizami Gəncəvinin əziz xatirəsini yad etmək məqsədilə Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.
Məqbərə önündə keçirilən görüş zamanı tələbələr bir daha hiss ediblər ki, əsrlər keçsə də, sözün qüdrəti və hikmətin işığı daim yaşayır. Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya poeziyasının da əbədiyaşar simalarından biridir.
Bu ziyarət iştirakçılar üçün sadəcə ekskursiya deyil, milli-mənəvi dəyərlərimizə bağlılığın, zəngin ədəbi irsimizə ehtiramın və gələcək nəsillərə ötürüləcək mənəvi mirasın təcəssümü olub.
Dünya Yazıçılar Günü münasibətilə sözə və sənətə dəyər verən hər kəsi təbrik edir, qələm sahiblərinə yaradıcılıq uğurları və ilham dolu yollar arzulayırıq.




