Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin, Şəhidlərin və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edildi.
Tədbirdə giriş sözü ilə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, “Gəncənin musiqi mədəniyyəti tarixində Üzeyir Hacıbəylinin imzası” mövzusunda “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva, “Üzeyir Hacıbəylinin yaradıcılıq siması” mövzusunda isə Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə magistri Fidan Qurbanova çıxış edərək, dahi Azərbaycan bəstəkarı, milli peşəkar bəstəkarlıq məktəbinin banisi, musiqişünas-alim, istedadlı pedaqoq, görkəmli maarifçi, filosof, ictimai xadim, dramaturq, publisist Üzeyir Hacıbəylinin doğma xalqına fədakarlıqla xidmətin örnəyi olan həyat və yaradıcılıq yolu haqqında maraqlı məlumatları iştirakçılara çatdırdılar.
Tədbirin konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasına “Uvertüra”, operanın II pərdəsindən “Nigarın ariyası” – “Hanı o günlərim”, “Sənsiz” romans-qəzəli, “Leyli və Məcnun” operasından “Qızların xoru” (“Bu gələn yara bənzər”), “Arşın mal alan” operettasından “Qızların xoru”, “Əsgərin ariyası” və s. əsərləri “Musiqi fənləri” kafedrasının müəllimləri və “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin tələbələri tərəfindən yüksək peşəkarlıq səviyyəsində ifa olundu.
Tədbir yüksək əhval-ruhiyyə şəraitində keçirildi.









