Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Məktəbəqədər təhsil ixtisası üzrə 1-ci kurs tələbələri, baş müəllimə Cəfərova Səbinənin təşəbbüsü ilə Gəncə şəhərinin tarixi və mədəni yerlərinə maarifləndirici bir səfər etmişlər.
Səfər zamanı tələbələr ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkmişlər. Bu muzey 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi binada yerləşir. Burada tələbələr dövrə aid tarixi sənədlər, fotolar və digər eksponatlarla tanış olaraq, dövlətçiliyimizin ilk təməllərini yaxından müşahidə etmişlər.
Daha sonra tələbələr Məhsəti Gəncə Muzeyini ziyarət etmişlər. Burada Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş muzey, milli geyimlər və musiqi alətləri bölməsi ilə tanış olmuş, mərkəzin qarşısında xatirə şəkilləri çəkdirmişlər.
Səfərin növbəti ünvanı Cümə Məscidi (Şah Abbas Məscidi) olmuşdur. 1606-cı ildə tikilən bu abidə Gəncənin dini və memarlıq tarixində xüsusi yer tutur. Memarlıq üslubu və tarixi məlumatlar tələbələrin diqqətini çəkmişdir.
Məscidin həyətində yerləşən Cavad xan türbəsi də tələbələr tərəfindən ziyarət olunmuşdur. 1804-cü ildə qəhrəmancasına şəhid olmuş Gəncə xanı Cavad xanın xatirəsinə tikilmiş bu türbə tələbələrə Azərbaycanın mübarizə və qəhrəmanlıq tarixini bir daha xatırlatmışdır.
Gəzinti zamanı tələbələr həmçinin Çökək Hamama da baxış keçirmişlər. 1606-cı ildə inşa olunmuş bu hamam qədim Gəncənin sosial həyatında mühüm rol oynamış, memarlıq üslubu ilə maraq doğurmuşdur.
Növbəti dayanacaq isə Gəncənin ən orijinal tikililərindən biri — Butulkalı Ev olmuşdur. 1967-ci ildə tikilmiş bu ev təxminən 48 min butulkadan ibarət olması ilə tələbələrin marağına səbəb olmuşdur.
Tələbələr Xan Bağında (keçmiş Sərdar bağı) da istirahət etmiş və buradakı yaşıllıqlar, tarixi atmosferlə tanış olmuşlar. Bu bağ XIX əsrdə salınmış və uzun illər Gəncə əhalisinin sevimli istirahət məkanlarından biri olmuşdur.
Belə maarifləndirici səfərlər tələbələrin tarix, mədəniyyət və sosial həyata dair biliklərini genişləndirir, həmçinin onları öz şəhərinin və ölkəsinin keçmişinə daha bağlı böyüməyə sövq edir.






