“Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar

Azərbaycan professional bəstakarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi  münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatşılığı ilə  “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar “Pedaqoji” fakültədə uğurla keçirilmişdir.

Tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, dosent Asif Cavadov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin  direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov seminar iştirakçılarını salamlayaraq mövzunun qlobollaşan dünyada xüsusi aktuallıq kəsb etdiyini vurğuladılar.

 Elmi-praktiki seminarda  GDU-nun “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva “Nizami və musiqi”,  baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Rüstəmova  “Məhsəti Gəncəvi poeziyasında Azərbaycan musiqi mədəniyyəti”, baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nüşabə Seyfullayeva “Bəstəkar Telman Hacıyevin yaradıcılığı milli ənənələr kontekstində” mövzularında,  seminarın qonaqlarından  Ü.Hacıbəyli adına                 BMA-nın baş müəllimi, əməkdar artist,  İlham Nəzərov “Kontratenor səsinin xüsusiyyətləri və onun Azərbaycan musiqisində tətbiqi”, dosent Aytən Babayeva “Azərbaycan xor musiqisində muğamdan istifadə məsələləri”,   MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə “Azərbaycan xor musiqisində muğamdan istifadə məsələləri” mövzularında çıxış etdilər.

Gəncə Dövlət Universitetinin  “Musiqi fənləri” kafedrasının müəllimləri və pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin peşəkar ifasında təqdim olunan musiqi proqramı sürəkli alqışlarla qarşılandı.

Seminarın moderatoru sənətşünaslıq üzrə fəlasəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı tədbiri yüksək səviyyədə idarə etdi.