Sentyabrın 28-30-da Bakı Slavyan Universiteti (BSU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) əməkdaşlığı çərçivəsində “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” mövzusunda növbəti təlim keçirilib.Təlimdə BSU, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti də daxil olmaqla, 30-dan çox ali təhsil müəssisəsindən nümayəndə iştirak edib.Ali təhsil müəssisələrinin pedaqoji heyətinə inklüziv təhsil sahəsində yeni nəzəri və praktik biliklər vermək məqsədilə təşkil olunan təlim RİİB-in daha əvvəl icra etdiyi inklüziv təhsil sahəsində layihələrin müvafiq “TOT” (Təlimçilər üçün təlimi) proqramlarını uğurla başa vuran təlimçi mentor, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova tərəfindən aparılıb. İnklüziv təhsildə adaptasiya strategiyaları, differensial qiymətləndirmə, inklüziv sinif mühitinin təşkili və gələcək perspektivlər kimi mövzular üzrə keçirilən təlim, müəllimlərə müxtəlif əlillik dərəcələrinə malik olan şagirdlərin sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodiki bacarıqlar qazandırıb.Yekunda BSU-nun rektoru Anar Nağıyev tərəfindən təlimi uğurla başa vuran iştirakçılara təşkilatçılar adında sertifikatlar eləcə də, BSU-da inklüziv təhsil istiqamətində pedaqoji heyət üçün təşkil olunan təlimlərdə peşəkar fəaliyyətinə görə Lamiə Hacımuradovaya təşəkkürnamə təqdim edilib.Qeyd edək ki, təlim “Regional İnkişaf” İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun baxımından təsdiqlənmiş ixtisasartırma proqramı və Bakı Slavyan Universitetinin “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi əsasında həyata keçirilib.