GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “PSİXOLOGİYA ELMİNİN MARAQLI VƏ MƏSULİYYƏTLİ YOLLARI” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

Gəncə Dövlət Universitetində Psixologiya kafedrasının və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. GDU-nun Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova çıxışında psixologiya elminin bəşəriyyətə təsiri, cəmiyyətin inkişafında rolu, psixologiya və digər elm sahələrinin qarşılıqlı əlaqəsindən danışıb. Tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxış edib. Bildirib ki, elmi-praktik konfransın məqsədi əhalinin psixoloji cəhətdən maarifləndirilməsi, insanların diqqətini psixi sağlamlıqla bağlı olan problemlərə yönəldilməsi, ailələr və gənclər arasında yaranan problemlər və onların aradan qaldırılması yolları, həmçinin müxtəlif psixoloji problemlərlə bağlı vətəndaşların maarifləndirilməsidir. Elmi-praktik konfransda mərkəzin Regional direktoru Günay Hüseynova, mərkəzin psixoloqları Sona Davudova, Tacirə Mehdisoy və Pedaqoji fakültənin tələbələri psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması dair məruzə ilə çıxış ediblər. Tədbirdə GDU-nun buraxılış kurs tələbələrinin “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialında keçdiyi pedaqoji təcrübələrdən və əldə edilən nəticələrdən söhbət açılıb. Sonda məruzəçilər tərəfindən tələbələrin sualları ətraflı cavablandırılıb