Gəncə Dövlət Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir 20 Yanvar hadisələrindən bəhs edən sərginin nümayişi ilə başlamışdır.
Sonra 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilmişdir.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Tələbələr tərəfindən tədbir iştirakçılarına “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatmışdır.
Tələbələr faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etmişlər.
Qanlı gecənin dəhşətlərindən danışaraq bildiriblər ki, bu hadisə xalqımızın gözünü qorxutmadı, əksinə, sovet imperiyasına qarşı nifrəti daha da artırdı. Həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı əzərək ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Lakin, bütün bu dəhşətlərə baxmayaraq həmin gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi.
Sonda çıxış edən tələbələr bir daha şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirdilər. Qeyd etdilər ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu vandalizm, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.