Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestri imtahanlarında iştirak edən tələbələr üçün rektor prof. Y.Yusibov güzəştlər tətbiq etdi.
Birincisi, yazılı və şifahi imtahanlarda iştirak etmiş, lakin 16 bal toplayaraq minimum həddi, yəni lazım olan 17 balı yığa bilməyən tələbələrin imtahan nəticələrinə 1 bal əlavə olunması haqqında universitetin rektoru, professor Yusif Yusibov tərəfindən göstəriş verilib.
İkincisi, kəsri olan tələbələrin hər bir fənnin kredit sayına uyğun olaraq ödəniləcək məbləği 25 faizdən 10 faizə endirilib.
Hazırda respublikamızın digər universitetlərində olduğu kimi Gəncə Dövlət Universitetində də 2018-2019-cu tədris ilinin payız semestri imtahanları davam edir.
Bu il universitetdə təhsil alan 6 minə yaxın tələbə üçün geniş imkanlar və böyük güzəştlərin tətbiqi nəzərdə tutulub. Artıq tələbələrin bir çoxu universitetdə tətbiq edilən bu cür güzəştlərdən yararlanıb.
Belə ki, hələ semestr imtahanları başlamazdan əvvəl fakültələr tərəfindən imtahan qəbul ediləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılıb.
Payız semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaq məqsədilə universitetin rektoru, professor Yusib Yusibovun gənclərlə görüşü keçirilib.