Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də Bilik gününün həyəcanı yaşanıb.
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru professor Yusif Yusibov, universitetin professor -müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Gəncə Dövlət Universitetin rektoru professor Yusif Yusibov təhsilimizə göstərilən dövlət qayğısından, son zamanlar ali təhsilin inkişafı istiqamətində tətbiq edilən çoxsaylı yeniliklərdən, əldə olunan uğurlardan danışıb.
Yusif Yusibov bildirib ki, son üç ildə Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Belə ki, universitetdə təhsil-tədris prosesində keyfiyyətin yüksəldilməsi üçün ali təhsil müəssisəsinin infrasrtukturu yaxşılaşdırılıb, maddi texniki və tədris bazası möhkəmləndirilib. Universitetin normativlər toplusu təkmilləşdirilib, müasir kompetensiyaya malik kadrlarla təminatın səviyyəsi yüksəldilib. Bunun üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb, qarşılıqlı əlaqələr yaradılıb, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak təmin edilib, professor-müəllim və tələbələrin akademik mobillik proqramlarına qoşulması sürətləndirilib. Universitetdə aparılan elmi tədqiqat işlərinin dünya səviyyəsində rəqabətqabiliyyətliliyini təmin etmək və alınan nəticələrin sənayeyə tətbiqinə nail olmaq üçün yeni laboratoriyalar qurulub, elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırlmasına nail olmaq üçün İnnovasiyalar departamanti fəaliyyətə başlayıb.
Rektor bildirib ki, bu il Gəncə Dövlət Universitetinə ayrılan qəbul planı yüz faiz dolub. Bununla da respublikamızın qərb regionunda ən böyük ali təhsil müəssisəsi 2017-2018-ci tədris ilinə son 10 ildə qazandığı ən yüksək nailiyyətlərlə başlayıb.
Qeyd edilib ki, hazırda Gəncə Dövlət Universitetində 5 min 418 tələbə təhsil alır. Bu il universitetin bakalavr səviyyəsinə 1404 nəfər, magistratura səviyyəsinə isə 216 nəfər daxil olub.
Son illər universitetə yüksək qəbul göstəriciləri ilə daxil olan tələbələrin sayının çoxaldığını deyən rektor Yusif Yusibov bunu ali təhsil müəssisəsində tətbiq edilən yeniliklər və universitetin gənclər arasında nüfuzunun artması ilə əlaqələndirib.
Rektor qeyd edib ki, bu il ali təhsil müəssisələrininə keçirilən qəbul imtahanlarında 500-dən artıq bal toplayan 60 nəfər, 600-dən isə yüksək bal toplayan 15 nəfər gənc Gəncə Dövlət Universitetinin müvafiq ixtisaslarını seçib.
Çıxışının sonunda rektor Yusif Yusifov əminliyini ifadə edib ki, 6 minə yaxın tələbəni, 550 nəfərdən çox professor-müəllim heyətini ətrafında birləşdirən, eləcə də bir çox müsbət ənənə və nailiyyətlərlə təmsil olunan 80 yaşlı ali təhsil müəssisəsi bundan sonra da ölkəmizdə bilikli və bacarıqlı kadrların hazırlanmasına töhvələr verəcəkdir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun müşaviri Asif Cavadov dərs ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib, onlara öz tövsiyə və arzularını çatdırıb, təhsildə uğurlar diləyiblər. Fakültə dekanları adından Pedaqoji fakültənin dekanı dos. Bayram Apoyev çıxış etmiş, tələbərə öz tövsiyyelerini vermiş, çıxışının sonunda tələbələri öz şeiri ilə təbrik etmişdir.
Tədbirdə çıxış edən tələbə- 645 balla universitetin xarici dil müəllimliyi (ingilis dili) ixtisasını seçən Günel Xəlilova, Riyazi analiz ixtisası üzrə magistratura imtahanlarında yüksək nəticə göstərən Sevinc Heydərova Gəncə Dövlət Universitetini seçməklərindən məmnun qaldıqlarını dilə gətiriblər.
Valideynlər övladlarına yeni tədris ilində uğurlar arzulayıb, övladlarının Gəncə Dövlət Universitetinin tələbəsi adına layiq görüldüyünə görə sevincli olduqlarını ifadə ediblər.
Sonda rektor Yusif Yusibov ən yüksək balla universitetə qəbul olunan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb, hədiyyələr verib.