Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrin kredit sistemi, akademik öhdəlikləri və tədris prosesinin təşkili ilə bağlı məlumatlandırılması məqsədilə maarifləndirici təlimlər davam etdirilir.
Növbəti təlim fakültənin tyutorları Lamiyə İbrahimova, Röya Həsənova və Nuray Mustafayeva tərəfindən Musiqi müəllimliyi ixtisasının I kurs və Psixologiya ixtisasının II kurs tələbələrinin iştirakı ilə keçirilib.
Təlim zamanı tələbələrə kredit sisteminin təşkili və tətbiqi, akademik öhdəliklərin yerinə yetirilməsi, tədris olunan fənlərin mənimsənilməsi, kreditlərin toplanması qaydaları və akademik göstəricilərin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Eyni zamanda, tələbələrin tədris prosesində qarşılaşa biləcəkləri məsələlərə aydınlıq gətirilib, onların universitet həyatına uyğunlaşması və təhsil imkanlarından səmərəli istifadə etmələri istiqamətində müvafiq tövsiyələr səsləndirilib.
İnteraktiv müzakirə şəraitində keçirilən təlimdə tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd tələbələrin kredit sistemi ilə bağlı biliklərini artırmaq, akademik məsuliyyətlərini daha dərindən dərk etmələrinə kömək etmək və tədris prosesində uğurlu nəticələr əldə etmələrinə dəstək olmaqdır.





