27 may 2025-ci il tarixində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış təlim-tədris resurslarının təkmilləşdirilməsi üçün ixtisas kafedraları arasında əlaqəli işlərin aparılması üçün uzunmüddətli fəaliyyət planının hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün internet və texniki təminatın gücləndirilməsi prosesinə, eyni zamanda ixtisasla bağlı son dövrlərdə dərc olunmuş hansı dərslik və dərs vəsaitlərinin alınmasının müəyyən edilməsinə, kitabxana fondunun xərcləri üzərində və müvafiq sahədə yeni nəşrlərlə zənginləşdirilməsinə nəzarət üçün işçi qrupu İbtidai Sinif Müəllimliyi ixtisasının tələbələri ilə Universitetin kitabxanasına ekskursiya təşkil etmişdi.
Ekskursiyanın məqsədi tələbələri kitabxana və onun resursları ilə yaxından və yerində tanış etmək, onların kitabxanaya maraqlarının artırılması və tələbələr arasında mütaliə mədəniyyətini təşviq etmək, onların kitabxanadan daha səmərəli istifadəsini təmin etmək və elmi ədəbiyyata marağını artırmaq olmuşdur. Tədbirdə İşçi qrupunun üzvləri, kitabxana əməkdaşları və bir çox tələbə fəal iştirak etmişdir. Görüş zamanı tələbələrə kitabxananın fəaliyyəti, elektron və çap resursları barədə geniş məlumat verilmiş, oxu zalı və fondlarla tanışlıq təşkil olunmuşdur.
Tədbirin ən yaddaqalan və təsirli hissələrindən biri tələbələrin hazırladığı “Hər şey fərqli ola bilərdi” adlı bədii tamaşa oldu. Tamaşa cəmiyyətin müxtəlif mərhələlərində qadınların təhsilə çıxış imkanlarını, rastlaşdıqları çətinlikləri və bu maneələrə baxmayaraq, elmə doğru atdıqları inamlı addımları əks etdirirdi.Səhnə əsəri auditoriyada böyük maraq və emosional təsir doğurdu. Tamaşanın sonunda verilən mesaj isə çox aydın idi: Təhsilli qadın — güclü ailə, maarifli cəmiyyət və sağlam gələcək deməkdir. Bu bədii kompozisiya vasitəsilə tələbələr həm bədii yaradıcılıqlarını nümayiş etdirdilər, həm də sosial məsuliyyətlərini və təhsilin insan həyatındakı önəmini ifadə etdilər.Bu cür təşəbbüslər tələbələrin akademik və şəxsi inkişafına xidmət edir, onları kitab və elmə bir addım daha yaxınlaşdırır.
Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir və belə layihələrin davamlı olmasını arzulayırıq.