Gəncə Dövlət Filarmoniyasında I Gəncə Kitab Sərgisi keçirildi

26 noyabr 2021-ci il tarixində “Azərbaycan Nəşriyyatlari” İctimai Birliyinin (ANİB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında I Gəncə Kitab Sərgisi keçirildi.

Açılış mərasimində çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ANİB-in sədri Şəmil Sadiq və Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev tədbir iştirakçılarını salamlayıblar.

Ölkəmizin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi 100 mindən çox kitabla sərgiyə qatılıblar. 28 noyabr tarixinədək davam edəcək sərgidə məşhur şair və yazıçıların təqdimatında imza mərasimləri, uşaqlar üçün nağıl saatları, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgilərin təşkili və bədii proqramların keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda sərgidə qurulan “Qarabağa kitabla gedək” stendində işğaldan azad olunmuş ərazilərimizdə yaradılacaq kitabxanalar üçün nəşrlər toplanır.

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı dosent Bayram Apoyev bu sərgidə iştrak etdi və öz kitablarını işğaldan azad olunmuş ərazilərimizdə yardılacaq kitabxana üçün hədiyyə etdi.