Elmi seminar

Elmin təhsilə inteqrasiyasını təmin etmək məqsədilə Azərbaycan Milli
Elmlər Akademiyasının Gəncə Bölməsinin və Gəncə Dövlət Universitetinin birgə
təşkilatçılığı ilə keçirilən elmi seminarda sənətşünaslıq elmləri doktoru, professor
Sevda Qurbanəliyevanın elmi-tədqiqat işinin nəticələri elmi ictimaiyyətə və
Universitetin pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinə
təqdim edilmişdir.
Elmi seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə
Bölməsinin sədri, akademik Fuad Əliyev, Milli Məclisin deputatı, Gəncə Dövlət
Universitetinin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə
çıxış etmiş, “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami Gəncəvinin
poetik irsindən istifadə” mövzusunda professor S.Qurbanəliyevanın elmi məruzəsi
dinlənilmiş, Nizami Gəncəvinin poeziyasını musiqidə tərənnüm edən və Nizamiyə
həsr olunmuş xor əsərləri Gəncə Dövlət Universitetinin Tələbə Xor kollektivinin
ifasında səsləndirilmiş, sonda elmi müzakirələr aparılmışdır.