20 YANVAR

Üzərindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi.Müstəqil tariximizin şanlı səhifəsinə çevrilən həmin tarix əsrlərin zülmətinə bir nur saçır. Bu nurun ziyasında Azərbaycan xalqının illərlə zülmlərlə, məşəqqətlərlə üz-üzə dayanan, azadlıq, müstəqillik yolunda mübarizələrlə dolu çoxəsrlik tarixi vərəqlənir. Vərəqləndikcə də başına gətirilən müsibətlər, mübariz bir xalqın müstəqil olmaq arzusunun reallaşa bilməməsi səbəbləri açıqlanır, gözlər önündə canlanır.