Qurbanəliyeva Sevda Firudin qızı

Sevda Qurbanaliyeva

Qurbanəliyeva Sevda Firudin qızı

Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, professor Qurbanəliyeva Sevda Firuddin qızı 1960-cı il noyabrın 13-də Azərbaycan Respublikası Gəncə (Kirovabad) şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır.

1967-ci ildə Gəncə şəhər M.Qorki adına 1 saylı orta məktəbin rus dili bölməsinin birinci sinfinə, 1968-ci ildə Gəncə şəhər 1 saylı uşaq musiqi məktəbinin fortepiano şöbəsinin birinci sinfinə daxil olub, 1975-ci ildə orta məktəbin səkkizinci və uşaq musiqi məktəbinin yeddinci siniflərini fərqlənmə attestatları ilə bitirmişdir.

1979-cu ildə Gəncə şəhər Q.Hüseynli adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1984-cü ildə Üzeyir Hacıbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyası) fortepiano fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Tələbəlik illərində Respublika elmi, ifaçılıq müsabiqələrində iştirak edərək “Diplom” və “Tərifnamə”lərlə təltif olunmuşdur.

17.00.02 – “Musiqi sənəti” ixtisası üzrə 1989-cu ildə namizədlik dissertasiyasını, 1995-ci ildə “Nizami Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti (ədəbiyyat və musiqinin qarşılıqlı əlaqələri probleminə dair)” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 oktyabr 1996-cı il tarixli Qərarı ilə ona professor elmi adı verilmişdir.

Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Konservatoriyasının təyinatı əsasında 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına musiqi texnikumunda müəllim işləmiş, həmçinin ictimai əsaslarla texnikumun gənclər təşkilatına rəhbərlik etmişdir.

1984-cü ildən Gəncə Dövlət Universitetində (H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu) işləyir: 1984-1990-cı illərdə saat hesabı üzrə, 1990-cı ildən ştat üzrə müəllim işləmiş, 1991-ci ildə dosent və onun təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılımış “Musiqi fənləri” kafedrasının müdiri, 1996-cı ildə professor vəzifələrinə seçilmişdir. Hal-hazırda həmin kafedraya uğurla rəhbərlik edir. Universitet Elmi Şurasının üzvüdür.

Professor S.Qurbanəliyevanın elmi rəhbərliyi ilə Gəncə Dövlət Universitetində, AMEA-nın Gəncə Bölməsində sənətşünaslıq üzrə fəlsəfə doktorları hazırlanır. Onlarla elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsinə təqdim olunmuş dissertasiyanı opponent kimi rəyləndirmişdir.

2010-cu ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Dissertasiya Şura-sının üzvü kimi fəaliyyət göstərir.

2011-ci ildən AMEA-nın Gəncə Bölməsində “İncəsənət” şöbəsinin əvəzçilik üzrə rəhbəri kimi Gəncə şəhərində yaşayıb-yaradan incəsənət xadimlərinin yaradıcılıq irsinin, incəsənətin müxtəlif sahələrinin inkişaf tarixinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılımasını və alınan elmi nəticələrin nəşrini təmin etmişdir (“Məhsəti Gəncəvinin musiqi dünyası”. Bakı, Elm, 2014, 24 səh.; “Mirzə Şəfi Vazeh və musiqi”. Bakı, Elm və təhsil, 2014, 168 səh., “Mirzə Şəfinin nəğmələri operettası”. Həmmüəlliflər: V. Kərimova, N.Seyfullayeva. Bakı, Elm və təhsil, 2016, 144 səh. və s.)

1999, 2004, 2009-cu illərdə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinə üzv seçilməklə “Yerli sosial məsələlər” daimi komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.

2014-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Gəncə şəhərində elm, təhsil, mədəniyyət sahələrində, sosial yönümlü bir çox layihələri uğurla həyata keçirmişdir. Bələdiyyədə və İcra Hakimiyyətində fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dəfələrlə ixtisasartırma kuralarından “Sertifikat”lar təqdim olunmaqla keçmişdir.

1984-cü ildən Respublika, Beynəlxalq elmi konfrans və seminarlarda, dövrü mətbuatda çıxış edir.

Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş 80-dan çox elmi, tədris və metodiki iş-lərin, o cümlədən dərslik və monoqrafiyaların müəllifidir (bunlardan 1 monoqrafiya Ukraynada və 6 məqalə Türkiyə, Amerika və s. xarici ölkələrdə çap olunmuşdur).

Respublikamızda və xarici ölkələrdə “Nizami və musiqi” problemi ətrafında onlarla elmi-tədqiqat əsəri nəşr olunmuşdur (“Nizami Gəncəvinin musiqi dünyası”. Kiyev, Avtoqraf, 2009, 264 səh.; “Nizami Gəncəvinin poemalarında musiqi”. Bakı, “Qanun”, 2012, 120 səh.; “Nizami Gəncəvinin poeziyası vokal musiqidə”. Bakı, “Elm və təhsil”, 2012, 176 səh. və s.).

1991-ci ildən Gəncədə bir sıra elmi-praktik konfrans və seminarların, beynəlxalq simpozium və musiqi festivallarının təşkilatçısı olmuşdur (“Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, “Nizami Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti”, “Gəncənin musiqi mədəniyyətinin tarixi” və s.).

2005-ci ildə ABŞ-ın Project Harmony təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan qadınlarının liderlik proqramı”nı müvəffəqiyyətlə başa vurduğundan ona “Lider qadın” sertifikatı təqdim olunmuş, Gəncə şəhərində “Qadınlar və demokratik cəmiyyət”, “Qadın və Təhsil” və s. bu kimi mövzularda konfrans və seminarlar təşkil etmişdir.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-2011-ci illərdə Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərib.

2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. Bir sıra musiqi əsərlərinin müəllifidir.

“Gəncə – Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin səmərəli təşkilinə və uğurla keçirilməsinə görə Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi M.E.Şvıdko tərəfindən 2017-ci ildə “Təşəkkür”lə, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kimi səmərəli fəliyyətinə görə 2018-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Diplom”la təltif olunmuşdur. Əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azad Həmkarlar İttifaqı Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi, YAP Gəncə şəhər Təşkilatı, Gəncə Dövlət Universiteti, Universitetin “Pedaqoji” fakültəsi tərə-findən dəfələrlə “Fəxri Fərman”larla təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin 22 aprel 2009-cu il tarixli 242 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə, 27 noyabr 2017-ci il tarixli 3409 nömrəli Sərəncamı ilə Əməkdar müəllim fəxri adı ilə təltif olunmuşdur.